Hazırda Azərbaycanda personalın idarə edilməsi keçid dövrünü yaşayır. Əvvəllər personalın idarə edilməsi üzrə işçi sadəcə kadr kargüzarlığı ilə məhdudlaşan funksiyanı yerinə yetirirdi (indiyədək belə bir səhv fikir mövcuddur ki, HR şöbəsi kadrlar şöbəsidir), son qərarı isə rəhbər verirdi. İndi isə əməkdaş nəinki icra edir, həm də personalın seçimi, uyğunlaşması, qiymətləndirilməsi, motivasiyası, büdcənin tutulması, personalın inkişafı və təlimi prosesini idarə edir. Bu proseslərin idarə edilməsi və onlara nəzarət böyük vaxt və insan, bəzən isə informasiya və təhsil resursları tələb edir. Bu işdə «autsorsinq» kömək ola bilər. İldən ilə bu xidmət sahəsi personalın idarə olunması sistemində daha da aktuallaşır.
Autsorsinq nədir? Autsorsinq elə bir xidmətdir ki, şirkətə vaxtının çoxunu özünün əsas fəaliyyət istiqamətinə sərf etməyə, digər sahələri isə bu işlər üzrə tərəfdaşına – peşəkarlara etibar etməyə imkan verir. Hazırda autsorsinq təhlükəsizlik xidməti, informasiya texnologiyaları, mühasibatlığın təşkili, korporativ mülkiyyətə xidmətin göstərilməsi, qidalanmanın və ofisin təmizlənməsinin təşkili, həmçinin personalın inkişafı və təlimi sahələrini əhatə edir.
Personalın təlimində autsorsinqin üstünlükləri
Personalın idarə edilməsi üzrə mütəxəssis işçilərin seçimini, Əmək Məcəlləsini, motivasiya sistemini öyrənə bilər. Amma personalın idarə olunması sistemində belə bir sahə var ki, ona uzun müddət və qətiyyətlə öyrənmək tələb olunur. Bu, personalın inkişafı və təlimidir. Elə bu səbəbdən personalın kənar şirkətlər və ya fərdi təlimçilər tərəfindən hazırlanması aktuallaşır. Belə yanaşmanın üstünlükləri göz önündədir:
- Müxtəlif vasitələrə qənaət. Belə bir strukturun saxlanmasına çəkilən xərclərin azalması imkanı (işçi yerinin, administrativ xərclərin qənaəti, vergilərin azalması). Şirkətə gəlir gətirən sahələrə diqqət yönəltmək. Əlavə xərclərin azalması. Bakıda aparıcı biznes-mərkəzlərdən birinin rəhbəri Azər Qurbanovun sözlərinə görə, müxtəlif biznes-strukturların idarəsi üzrə çoxillik təcrübə göstərir ki, bir sıra problemləri autsorsinq vasitəsilə həll etmək xeyli dərəcədə nəinki vaxta, həm də pula qənaət edir. Elə buna görədir ki, bir çox böyük şirkətlər artıq neçə ildir bu yanaşmaya üstünlük verirlər.
- Təlimə çəkilən xərclərə qənaət (pul xərcləmədən hazır ixtisaslaşmış mütəxəssis əldə olunur). Bura həmçinin şirkətin əsas profilinə uyğun olmayan sahə üzrə ştatı artırmağa ehtiyacın olmamasını da əlavə etmək olar. Autsorsinq şirkət rəhbərliyinə və aparıcı əməkdaşlara tam olaraq profil biznesinə diqqət yönəltməyə imkan verir. Autsorsinq zamanı əvvəllər ikinci dərəcəli funksiya və istiqamətlərə yönələn resursların bölgüsü aparılır;
- Autsorsinq müntəzəm işə təminat verir (məzuniyyət və xəstəlik haqda kağızlara ehtiyac qalmır);
- Vaxta ciddi şəkildə qənaət edir (hazır qərarlar, infrastruktur almağa imkan yaranır);
- Şəffaflığı nəzərdə tutur (proses deyil, hazır nəticə qiymətləndirilir). Xidmət təchizatçısını (autsorseri) dəyişmək personalı dəyişməkdən daha asandır. Autsorsinq zamanı şirkət əhəmiyyətli dərəcədə riskləri azaldır (onu autsorserlə bölüşür);
- Keyfiyyətin artmasına imkan verir (peşəkarlar öz işi ilə məşğul olur, analoji layihələrin təcrübəsi). Müxtəlif şirkətlərlə işləməklə mütəxəssis ən xırda təfərrüatlara belə fikir verir və öz işini daha dərindən bilir. Yadda saxlamaq lazımdır ki, digər müştərilərlə böyük iş təcrübəsi mütəxəssisə şirkətdəki vəziyyətlərlə bağlı yeni müxtəlif üsul və yanaşmalar tətbiq etməyə imkan verir.